Minimum əməkhaqqı: Saatlıq, yoxsa aylıq? | TƏHLİL
Minimum əməkhaqqının aylıq mexanizmdən saatlığa keçirilməsi üçün mövcud mexanizmin işlək xüsusiyyəti və təsiri indikindən daha çox əhəmiyyət daşımalı, ondan heç bir sosial ayırma və vergi tutulmamalı, əsas iqtisadi və sosial göstərici kimi rolu birbaşa və həlledici xüsusiyyət daşımalıdır. Bundan ötrü isə qanunvericilyə dəyişikliklər etmək lazımdır.
Minimum əməkhaqqı əgər ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı məbləği sayılırsa, aylıq deyil, iş saatına görə ödənilsə yaxşıdır. Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi. Yeri gəlmişkən, Əmək Məcəlləsində qeyd olunub ki, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Lakin işçi bəzi hallarda müəyyən səbəblər üzündən bundan az və yaxud çox işləyə bilir. Bu zaman minimum əməkhaqqının saata görə deyil, standart ay üzrə ödənilməsi heç də ədalətli sayıla bilməz. Bu baxımdan, iş saatına görə ödəniş həm işçi, həm də işəgötürən üçün daha mükəmməl mexanizm sayılır.
Sözün qısası, ölkəmizdə saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi zəruri görünür. Ancaq bunun nəticəsində büdcə sektorunda çalışanların maaşlarının artacağını gözləməyə dəyməz.
Minimum əməkhaqqının özünün artırılmasına gəlincə, cari ilin birinci rübü ərzində dövlət büdcəsinin icrası nöqteyi-nəzərindən ilin ikinci yarısında buna imkan var.
Son 5 ildə sözügedən göstərici 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə 2023-cü ildə yüksəldilib. Minimum əməkhaqqı ilk dəfə həmin il ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi.
Lakin sözügedən göstəricinin səviyyəsi ilə yanaşı, əhəmiyyəti də artırılmalıdır. Minimum əməkhaqqı 1 yanvar 2023-cü ildə 15% deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Çünki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqının orta aylıq əməkhaqqı səviyyəsinin 60%-nə çatdırılması barədə öhdəlik götürüb.
Ancaq iş ondadır ki, bu məsələdə düşünülməmiş addım atmaq da olmaz. Minimum əməkhaqqının əsassız artımı ilk növbədə dövlət sektorunda çalışan 700 min nəfərdən çox işçinin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər.
Pərviz Heydərov
Azvision.az üçün
Teqlər: Əməkhaqqı